Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Dənli-taxıl və texniki bitkilərin zərərvericiləri” adlı yeni kitabın təqdimatı keçirilib. Tədbirdə a mütəxəssislər, alimlər və gənc kadrlar iştirak ediblər.
Kitab, ölkəmizdə becərilən dənli taxıl və texniki bitkilərin zərərvericilərinin yayılması, zərəri, bioloji inkişaf xüsusiyyətləri və onlara qarşı mübarizə üsullarını əhatə edir. Məqsəd, fermerlərə və aqronomlara bu bitkilərin zərərvericiləri ilə mübarizədə praktiki və elmi əsaslı tövsiyələr təqdim etməkdir.
Tədbirdə çıxış edən BMTBETİ-nin direktoru İbrahim Cəfərov, kitabın ərsəyə gəlməsi münasibətilə institutun əməkdaşlarını təbrik edib. Direktor kitabın aqrar sahədəki əhəmiyyətini vurğulayaraq, bu cür nəşrlərin fermerlərin bilik səviyyəsini artırmaq və məhsuldarlığı yüksəltmək baxımından vacib olduğunu qeyd edib.
Kitabın müəllifləri arasında BMTBETİ-nin gənc əməkdaşları və mütəxəssislər yer alıb. Nəşr, həmçinin, aqronomluq sahəsində təhsil alan tələbələr və bu sahədə fəaliyyət göstərən mütəxəssislər üçün qiymətli bir mənbədir.
Kitabın təqdimatı zamanı iştirakçılar, zərərvericilərlə mübarizə sahəsindəki yeni yanaşmalar və metodlar haqqında müzakirələr aparıblar. Tədbir, aqrar sahədə bilik mübadiləsi və əməkdaşlığın inkişafına töhfə verib.