Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Meyvə Bitkilərinin Zərərvericiləri” adlı yeni kitab nəşr olunub.
Bu vəsait müxtəlif meyvə və giləmeyvə bitkilərinin zərərvericilərinə həsr olunmuşdur. Ölkəmizin meyvə bağlarında və giləmeyvə plantasiyalarında ən çox təsadüf edilən zərərvericilərin yayılması, zərəri, bioloji inkişaf xüsusiyyətləri, onların ekoloji amillərə qarşı münasibəti, eləcə də zərərvericilərə qarşı mübarizə tədbirlərindən bəhs edilir. Zərərvericilərlə mübarizədə ilkin olaraq meyvə
bitkilərinin normal böyüməsini və inkişafını təmin edən aqrotexniki tədbirlər kompleksinə üstünlük verilir. Zərərvericinin vurduğu zərərin miqdarı və zərərvermə formaları nəzərə alınmaqla digər mübarizə üsulları, eləcə də kimyəvi mübarizədə istifadə edilən ölkə pestisid bazarında olan insektisidlər də tövsiyə edilir. Bu vəsait meyvəçiliklə məşğul olan iş adamları, aqronomlar, mütəxəssislər, fermerlər və aqronomluq istiqamətində təhsil alan gənclər üçün faydalı ola bilər.

