
Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu tərəfindən pambıqçılıq sahəsində maarifləndirmə tədbirlərinin davamı olaraq “Pambıq bitkisinin zərərvericiləri və xəstəlikləri, onlarla mübarizə tədbirlərinin təkmilləşdirilməsi” mövzusunda növbəti onlayn təlim keçirilib.
Təlimin əsas məqsədi pambıq bitkisində rast gəlinən zərərvericilər və xəstəliklər barədə iştirakçıların məlumatlılığını artırmaq, onların qarşısının alınması və effektiv mübarizə üsullarının tətbiqi ilə bağlı bilik və bacarıqları inkişaf etdirmək olub. Tədbir zamanı pambıq sahələrində geniş yayılan zərərvericilər, müxtəlif xəstəliklərin yaranma səbəbləri, bitkinin inkişafına və məhsuldarlığına təsiri barədə ətraflı məlumat təqdim olunub.
Onlayn təlim institutun əməkdaşı Xurşid Aslanova tərəfindən aparılıb. O, çıxışı zamanı pambıq bitkisində müşahidə olunan əsas zərərvericilərin bioloji xüsusiyyətləri, onların yayılma şəraiti, eləcə də xəstəliklərin vaxtında müəyyən edilməsi və qarşısının alınması istiqamətində tətbiq olunan müasir mübarizə üsulları barədə geniş məlumat verib. Eyni zamanda aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirlərinin kompleks şəkildə həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Təlim interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb və pambıq sahələrində qarşılaşılan problemlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, zərərverici və xəstəliklərə qarşı vaxtında və düzgün mübarizə tədbirlərinin görülməsi pambıqçılıqda yüksək və keyfiyyətli məhsul əldə edilməsində mühüm rol oynayır.


