
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun pambıq təcrübə sahələrində zərərvericilərə qarşı bioloji mübarizə üsullarının tətbiqi istiqamətində növbəti tədqiqat işləri aparılıb.
Tədqiqatlar çərçivəsində institutun laboratoriyasında artırılmış brakon tüfeylisi pambıq sovkasının orta və iri yaşlı tırtıllarına qarşı bioloji mübarizə məqsədilə təcrübə sahələrinə buraxılıb. Məqsəd brakonun sahə şəraitində aktivliyinin, zərərvericiyə qarşı bioloji səmərəliliyinin və tətbiq imkanlarının qiymətləndirilməsidir.
Brakon tüfeylisi bir sıra zərərverici həşəratların tırtıllarında parazitlik edən faydalı entomofaq olmaqla onların sayının təbii yolla tənzimlənməsində mühüm rol oynayır. Bu səbəbdən həmin növ bioloji mübarizə vasitəsi kimi geniş tətbiq olunur və kimyəvi pestisidlərdən istifadənin azaldılmasına imkan yaradır.
Aparılan tədqiqatlar çərçivəsində laboratoriya şəraitində artırılmış brakon tüfeylisinin sahə şəraitində davranışı, yayılma xüsusiyyətləri və zərərverici populyasiyalarına təsiri müşahidə edilir, əldə olunan nəticələr isə gələcək tətbiqlər üçün qiymətləndirilir.
İnstitutda faydalı entomofaqların laboratoriya şəraitində çoxaldılması, onların bioloji səmərəliliyinin öyrənilməsi və kənd təsərrüfatı bitkilərinin mühafizəsində istifadəsi istiqamətində elmi tədqiqat işləri davam etdirilir.




