QƏHVƏYİ MƏRMƏR BAĞACIĞI ÜZRƏ TƏLİM KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu-nun mütəxəssisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Qabil Bayramovun təqdimatında “Qəhvəyi mərmər bağacığı məhdud yayılmış karantin obyekti kimi: zərərvericinin bioloji inkişaf xüsusiyyətləri və müasir mübarizə texnologiyaları” mövzusunda təlim keçirilib.

Təlim həm əyani, həm də onlayn formatda təşkil olunub və onlayn iştirakçılar Zoom platforması vasitəsilə qoşulublar.

Tədbir zamanı qəhvəyi mərmər bağacığının bioloji xüsusiyyətləri, inkişaf mərhələləri, yayılma arealı, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və iqtisadi əhəmiyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, zərərverici bir çox meyvə və tərəvəz bitkilərində məhsuldarlığın azalmasına, eləcə də keyfiyyət göstəricilərinin aşağı düşməsinə səbəb olur. Bununla yanaşı, zərərvericiyə qarşı inteqrir mübarizə tədbirləri, monitorinq və erkən aşkarlama üsulları, bioloji və kimyəvi mübarizə vasitələrinin tətbiqi prinsipləri izah edilib, müasir mübarizə texnologiyalarının düzgün və vaxtında tətbiqinin aqrar sahədə itkilərin minimuma endirilməsində mühüm rol oynadığı vurğulanıb.

Qabil Bayramov bildirib ki, qəhvəyi mərmər bağacığının yayılması ilə bağlı müşahidələr əsasən Şəki-Zaqatala və Qazax-Tovuz bölgələrində aparılıb. Xüsusilə fındıq, meyvə və digər əkin sahələrində həyata keçirilən fitosanitar monitorinqlər zamanı zərərverici yüksək sıxlıqla müşahidə edilib. Monitorinqlər çərçivəsində çoxsaylı yetkin fərdlər müəyyən olunub, populyasiyanın dinamikası feromon tələləri vasitəsilə qiymətləndirilib və müxtəlif mübarizə üsulları tətbiq edilərək zərərvericinin məhv edilməsi istiqamətində tədbirlər görülüb.

Təlim interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Paylaş: