QƏHVƏYİ MƏRMƏR BAĞACIĞINA QARŞI BİOLOJİ MÜBARİZƏ TƏDBİRLƏRİNİ GENİŞLƏNDİRİR » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Ölkəmizdə qəhvəyi mərmər bağacığına qarşı həyata keçirilən bioloji mübarizə tədbirləri çərçivəsində, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda (BMTBETİ) daxili görüş keçirilmişdir. Görüşdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi və Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə keçirilmiş təlimdən əldə olunmuş beynəlxalq təcrübə təhlil edilmiş, samuray arısının laboratoriya şəraitində çoxaldılması metodologiyasının institutun elmi-tədqiqat işlərində tətbiqi istiqamətləri müəyyənləşdirilmişdir.

İnstitutda aparılan bu elmi müzakirələrin və qurulan fəaliyyət planının nəticəsi olaraq, mütəxəssislər tərəfindən praktiki mərhələnin icrasına və genişmiqyaslı elmi monitorinqlərə start verilmişdir. Belə ki, zərərvericinin yerli təbii entomofaqlarının öyrənilməsi məqsədilə Göygöl rayonunda, eyni zamanda institutun öz təcrübə təcrübə sahələrində sahə fəaliyyətləri həyata keçirilmişdir.

Monitorinqlər çərçivəsində fındıq və meyvə bağlarından qəhvəyi mərmər bağacığının yumurta kütlələri toplanılmışdır. Toplanmış materiallar üzərində yerli entomofaqların parazitlik fəaliyyətinin və effektivliyinin müəyyən edilməsi üçün institutun laboratoriyasında davamlı elmi müşahidələrin aparılmasına başlanılıb. Beynəlxalq yanaşmalara əsaslanan bu araşdırmalar, gələcəkdə qəhvəyi mərmər bağacığına qarşı bioloji mübarizənin effektivliyinin artırılmasına və ekoloji cəhətdən təhlükəsiz bitki mühafizəsi üsullarının tətbiqinə xidmət edəcəkdir.

 

 

Paylaş: