
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu əməkdaşları – a.e.f.d. Qabil Bayramov, Gülcamal Ələsgərova və Simuzər Məmmədova tərəfindən aparılmış 3 illik elmi tədqiqatların nəticəsində aqrar sahə üçün mühüm əhəmiyyət kəsb edən elmi nailiyyət əldə olunmuşdur. Gəncə–Daşkəsən bölgəsində aparılan araşdırmalar zamanı kənd təsərrüfatı bitkilərinə ciddi zərər vuran qəhvəyi mərmər bağacığının təbii entomofaqı – yumurta parazitoidi müəyyən edilmişdir.
Tədqiqatlar nəticəsində aşkar edilmiş nümunələrin Trissolcus cinsinə aid olduğu müəyyənləşdirilmiş, dəqiqləşdirmə məqsədilə materiallar Zoologiya Elmi-Tədqiqat İnstitutu və Ondokuz Mayıs Üniversitesi (Ziraat Fakültesi, Bitki Koruma bölümü) mütəxəssislərinə təqdim edilmişdir. Aparılmış identifikasiya nəticəsində entomofaqın Trissolcus saakowi (Mayr, 1903) növünə aid olduğu təsdiq edilmişdir.
Məlumdur ki, Trissolcus cinsinə daxil olan arılar 1,5–2,0 mm ölçüdə olan çox kiçik parazitoid həşəratlardır. Dişilər yumurtalarını sahib həşəratın yumurtasının daxilinə qoyur və bir yumurta topasında yerləşən yumurtaların əksəriyyətini parazitləşdirə bilir. Sürfələr yumurta daxilində inkişaf edərək onun möhtəviyyatı ilə qidalanır və nəticədə zərərvericinin embrional inkişafını tam dayandırır. İqlim şəraitindən asılı olaraq inkişaf müddəti 10–14 gün təşkil edir və yeni nəsil fərdlər növbəti sahib yumurtaları axtarmağa başlayır.
Bu kəşfin əhəmiyyəti xüsusilə böyükdür. Trissolcus saakowi qəhvəyi mərmər bağacığının əsas təbii düşmənlərindən biri hesab olunur və onun təbii populyasiyasının mövcudluğu zərərvericinin sayının bioloji yolla tənzimlənməsinə real imkan yaradır. Bu isə kimyəvi pestisidlərdən istifadənin azaldılmasına, ekoloji tarazlığın qorunmasına və daha təhlükəsiz, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına mühüm töhfə verir.
Dünya təcrübəsində Trissolcus növləri laboratoriya şəraitində artırılaraq bioloji mübarizə proqramlarında geniş tətbiq olunur. Azərbaycanda bu növün təbii halda aşkarlanması isə ölkəmizdə bioloji mübarizə istiqamətində strateji əhəmiyyət daşıyan elmi-praktik nəticə kimi qiymətləndirilir və aqrar sahədə davamlı, ekoloji yönümlü mübarizə tədbirlərinin inkişafı baxımından yeni perspektivlər açır.
