QARABAĞIN İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİNDƏ FİTOSANİTAR MONİTORİNQLƏR DAVAM ETDİRİLİR » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

İnstitutun əməkdaşları tərəfindən 07–10 aprel 2026-cı il tarixlərində Qarabağın işğaldan azad edilmiş ərazilərində — Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında yerləşən, “Agro Dairy” MMC və “Kraun Ko” MMC şirkətlərinə məxsus taxıl əkin sahələrində planlı fitosanitar monitorinqlər həyata keçirilmişdir.

Monitorinqlərin keçirilməsində əsas məqsəd müxtəlif aqrosenozlarda kənd təsərrüfatı bitkilərinə ziyan vuran orqanizmlərin inkişaf səviyyəsinin dəqiqləşdirilməsi, vegetasiya dövründə onlara qarşı tətbiq ediləcək mübarizə tədbirlərinin optimallaşdırılması və ümumi səmərəliliyin artırılmasından ibarət olmuşdur.

Aparılmış sistemli müşahidələr və analitik qiymətləndirmələr nəticəsində aqrosenozlar üzrə zərərli orqanizmlərin növ tərkibi, yayılma dinamikası və mövsümə uyğun ziyanvermə səviyyəsi mövcud metodiki yanaşmalara uyğun şəkildə müəyyən edilmişdir.

Müşahidələr zamanı buğda əkinlərində taxıl böcəyinin (Zabrus tenebrioides Goeze) sürfələrinin intensiv şəkildə çoxalaraq bitkilərə ciddi zərər vurduğu aşkar edilmişdir. Aparılmış torpaq qazıntıları nəticəsində 1 m² sahədə orta hesabla 22–25 ədəd sürfənin mövcudluğu qeydə alınmışdır ki, bu da məhsuldarlığa əhəmiyyətli mənfi təsir riskinin yüksək olduğunu göstərir.

Bununla yanaşı, monitorinqlər zamanı əkin sahələrinin kənarlarında siçanabənzər gəmiricilərin yüksək sıxlıqla məskunlaşdığı sahələrdə hər bir koloniyada orta hesabla 5–6 ədəd aktiv yuvanın mövcudluğu müəyyən edilmişdir. Qeyd olunan hallar adi çöl siçanı (Microtus arvalis) və ictimai çöl siçanı (Microtus socialis Pall.) populyasiyalarının artaraq yaxın perspektivdə əkin sahələrinə miqrasiya ehtimalını artırır.

Əldə olunan nəticələr əsasında institutun mütəxəssisləri tərəfindən vegetasiya dövründə məhsul itkilərinin minimuma endirilməsi məqsədilə müvafiq aqrotexniki və fitosanitar mübarizə tədbirlərinə dair elmi əsaslandırılmış tövsiyələr hazırlanaraq aidiyyəti qurumlara təqdim edilmişdir.

Paylaş: