
Respublikamızda becərilən dənli-taxıl bitkiləri içərisində qarğıdalı, buğda və arpadan sonra üçüncü yerdə durur; həm dən, həm də silos almaq üçün böyük plantasiyalara malikdir. Qarğıdalı bitkisi toz və qovuqlu sürmə xəstəliklərinə yoluxsa da, yayılmasına və vurduğu zərərə görə qovuqlu sürmə daha təhlükəlidir. Bu bitkidə qovuqlu sürmə xəstəliyini bazidiomiset göbələk olan Ustilago zeae (Beckm.) Ung. törədir. Xəstəlik törədicisi obliqat (həqiqi) parazit olmaqla, canlı toxuma hesabına yaşayır. Patogen qarğıdalı bitkisinin kök boğazı, yarpaq qınları, gövdə və qıcalarını yoluxdurur. Yoluxmuş bütün orqanların səthində xal, fır, yumru və yeni törəmələr formalaşır. Xüsusilə gövdə və qıcalar yoluxduqda iri ölçülü, kisəşəkilli qovuqlar əmələ gəlir. Belə qovuqların diametri bəzən 30 sm-ə çatır.
Qovuqların içərisi cücərmə qabiliyyətini bütün vegetasiya dövründə saxlayan teliosporlardan ibarətdir. Qovuqlar 12-14 gün müddətində formalaşır, epidermisin içində yetişir, quruyur və qurumuş epidermis partladıqdan sonra milyonlarla teliospor sahəyə yayılaraq yeni yoluxmaların (inkubasiyaların) baş verməsinə zəmin yaradır. Teliosporlar 4 ilə qədər həyatilik qabiliyyətini saxlaya bilirlər. Xəstəliyin yayılmasında torpaq rütubətinin müstəsna əhəmiyyəti vardır; belə ki, torpaq rütubəti 60% və daha yuxarı olduqda xəstəlik intensiv inkişaf edir. Teliosporların cücərməsi üçün minimal temperatur 0-5 °C, optimal temperatur isə 20-30 °C-dir.
Kifayət qədər zərərli xəstəlik olan qovuqlu sürmə nəticəsində məhsul itkisi 25-30% kimi dəyərləndirilir.
MÜBARİZƏ TƏDBİRLƏRİ:
-
Aqrotexniki tədbirlər: İlk növbədə aqrotexniki tədbirlər kompleksinə ciddi əməl edilməlidir. Dərin şum, torpağın əkinə hazırlanması, bitki qalıqlarının məhv edilməsi və növbəli əkin bu kompleksə daxil olan vacib elementlərdir. Sahədə qovuqlu və toz sürmə ilə yoluxma 30%-dən çox olarsa, qarğıdalı əvvəlki əkin yerinə yalnız 6 ildən sonra qaytarılmalıdır.
-
Kimyəvi mübarizə: Bu xəstəliyə qarşı sahədə vegetasiya çiləmələri aparılmır. Lakin səpinə 1,5-2 ay qaldıqda toxumlar toxum dərmanlarından biri ilə hökmən dərmanlanmalıdır. Uzun illər toxum dərmanı kimi TMTD-dən istifadə edilmişdir. Bunun üçün 2 kq 80%-li TMTD 5 litr suda qarışdırılaraq işçi məhlul hazırlanır və 1 ton toxum hesabı ilə dərmanlama aparılır. Əgər toxumların dərmanlanması birbaşa səpindən 3-5 gün əvvəl yerinə yetirilirsə, dərmanın məsarif norması 0,5 kq artırılır. Son zamanlar Vial TT və Kinto Duo preparatları da fermerlərə tövsiyə edilir. İki komponentli bu sistem təsirli toxum dərmanları daha yüksək nəticələrlə xarakterizə olunur.
