
Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun alim və mütəxəssisləri Şəmkir rayonunun və ətraf kəndlərin fermer təsərrüfatlarında, əkin və bağ sahələrində genişmiqyaslı fitosanitar monitorinqlər həyata keçiriblər. Monitorinqlərin keçirilməsində əsas məqsəd yay mövsümündə kənd təsərrüfatı bitkilərində yarana biləcək xəstəlik və zərərverici təhlükəsini vaxtında aşkarlamaq, onların yayılma dinamikasını qiymətləndirmək və təsərrüfat sahiblərinə elmi-praktiki dəstək göstərməkdən ibarət olub.
Aparılan elmi-tədqiqat xarakterli müşahidələr zamanı çoxillik meyvə bağlarında, üzümlüklərdə və texniki bitki sahələrində bir sıra xəstəlik və zərərverici növləri qeydə alınıb. Belə ki, qoz bağlarında təhlükəli bakterioz xəstəliyi ilə yanaşı, qoz mənənəsi, qoz fır gənəsi, qoz yarpaq birəsinin yetkin fərdi və sürfələri, yarpaqyeyən böcəklər, yaşıl cırcırama və məhsuldarlığa birbaşa təsir edən qoz meyvəyeyəninin zədələri müəyyən edilib. Bundan başqa, bölgədə üzüm bağlarında mildiu, şaftalı ağaclarında hommoz (kitrə axını) xəstəlikləri, heyva əkinlərində isə heyva lağımlayıcı sitrus güvəsi aşkarlanaraq qeydiyyata alınıb.
İnstitut mütəxəssisləri tərəfindən texniki bitkilərdən olan günəbaxan əkinlərinə də baxış keçirilib. Sahə müayinələri zamanı günəbaxan bitkisində pas və yalançı unlu şeh xəstəlikləri, həmçinin məhsulun keyfiyyətini aşağı salan tarla bağacığının yetkin fərdi və sürfələri, eləcə də günəbaxan odlucasının sürfələri sahədə vizual olaraq rast gəlinərək qeydə alınıb.
Sahə monitorinqləri çərçivəsində institutun alim və mütəxəssisləri fermerlərlə fərdi görüşlər keçirərək onlara aşkarlanmış zərərli orqanizmlərə qarşı inteqrir mübarizə tədbirləri barədə ətraflı məlumat veriblər. Görüşlərdə kimyəvi mübarizə zamanı preparatların düzgün dozada seçilməsi, tətbiq müddətləri və təhlükəsizlik qaydalarına riayət olunmasının vacibliyi xüsusilə vurğulanıb, fermerlərin sualları elmi əsaslarla cavablandırılıb.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu tərəfindən ölkənin müxtəlif bölgələrində fitosanitar monitorinqlərin davam etdirilməsi nəzərdə tutulur.







