ŞAFTALI VƏ NEKTARİNLƏRDƏ YARPAQ QIVRILMASI XƏSTƏLİYİ VƏ ONUNLA MÜBARİZƏ TƏDBİRLƏRİ » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Dəyərli bağçı fermerlər, iş adamları, aqronomlar və maraq göstərən şəxslər, bu ilin yazında formalaşan sərin və yağmurlu meteoroloji şərait şaftalı və nektarinlərdə göbələk mənşəli yarpaq qıvrılması xəstəliyinin kütləvi şəkildə yayılmasına zəmin yaratmışdır.

Aparılan müşahidələr və tədqiqatlar göstərir ki, bu xəstəlik kifayət qədər təhlükəli olub geniş yayılma arealına malikdir. Xüsusilə yaz mövsümü sərin və rütubətli keçdikdə bağçılar üçün ciddi problemə çevrilir.

Müasir məlumatlara görə, şaftalı və nektarinlərdə yarpaq qıvrılması xəstəliyini törədən fitopatogen göbələyin təsnifatda yeri aşağıdakı kimidir:
Aləm (Regnum) – Fungi (Mycota)
Şöbə (Divisio) – Ascomycota
Sinif (Classis) – Taphrinomycetes
Sıra (Ordo) – Taphrinales
Fəsilə (Familia) – Taphrinaceae
Cins (Genus) – Taphrina
Növ (Species) – Taphrina deformans Tul.

Bu xəstəlik bitkilərin əsasən yarpaq və zoğlarını, nadir hallarda isə meyvələrini yoluxdurur. Patoloji proses erkən yazda başlayır. Cavan, yenicə açılmış yarpaqlarda qıvrılma müşahidə olunur. Yoluxmuş yarpaqlar sağlamlardan fərqli olaraq anormal qırmızı-qəhvəyi və ya parlaq sarı rəng alır, şişkinlik əmələ gəlir. İlkin inkişaf mərhələsində yarpaqlar qalınlaşır, bunun ardınca zoğlar deformasiyaya uğrayaraq əyilir və sarı-yaşıl rəng alır.

Gəncə–Daşkəsən iqtisadi rayonu şəraitində qeyd olunan simptomlar adətən aprel ayının birinci ongünlüyünün sonlarından etibarən müşahidə edilir. Yoluxmuş meyvələrdə qovuğa bənzər şişkinliklər isə may ayının sonlarından etibarən formalaşır.

Xəstəliyin başlanmasından təxminən 10–14 gün sonra törədicinin kisə mərhələsinə aid ağ, mumabənzər örtük inkişaf edir. Müəyyən müddətdən sonra yoluxmuş yarpaqlar qonurlaşaraq tökülür, eyni zamanda sirayətlənmiş meyvələr də tökülür. Nisbətən zəif yoluxmuş zoğlar inkişafını davam etdirsə də, payızın sonu və qış aylarında hətta zəif şaxtalara qarşı davamlı olmur və məhv olur.

MÜBARİZƏ TƏDBİRLƏRİ
  • Şaftalı bitkisinin normal böyümə və inkişafını təmin edən aqrotexniki tədbirlər kompleksi mütəmadi olaraq həyata keçirilməlidir. Günəş şüalarının çətiri bərabər əhatə etməsi üçün ağaclara kürəvi forma verilməsi məqsədəuyğundur.
  • Bağ sahəsində cərgəaraları müntəzəm işlənməli, alaqlanmanın qarşısı alınmalı, damcı suvarma sistemi tətbiq edilməlidir. Makro və mikroelement gübrələri torpaq analizlərinin nəticələrinə əsasən verilməlidir.
  • Ağacların ştamb hissəsində olan yara yerləri təmizlənməli və üzərinə bağ məlhəmi çəkilməlidir. Xəstə budaqlar kəsilərkən 0,5–1,0 sm sağlam toxuma daxilinə qədər kəsim aparılmalıdır.
  • Payızın sonunda bitkilər nisbi sükunət dövründə olduqda və ya erkən yazda tumurcuqlar oyanmamışdan əvvəl 3%-li bordo məhlulu ilə “göy çiləmə” aparılması tövsiyə olunur.
  • Yarpaq qıvrılması xəstəliyinə qarşı fungisidlərin tətbiqi aşağıdakı mərhələlərdə aparılmalıdır:
    a) tumurcuqların şişməsi dövründə;
    b) bundan 5 gün sonra;
    c) çəhrayı konus fazasında.

Çiləmələr arasındakı interval 5–7 gün təşkil etməlidir. Əks halda yoluxmanın qarşısını almaq çətinləşir.

Tövsiyə olunan preparatlar:
– 1%-li bordo məhlulu
– kocide: 6–8 kq/ha
– xorus: 0,3 kq/ha
– skor: 0,2–0,3 l/ha

İşçi məhlulun sərfi bitkilərin yaşı və fenoloji mərhələsindən asılı olaraq tənzimlənir və orta hesabla 600–800 l/ha təşkil edir.

Müəllif: Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov.

Qeyd edək ki, aqrar sahə üzrə faydalı məlumatların təqdimatı davamlı olaraq həyata keçiriləcəkdir.

Paylaş: