
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində ölkəmizdə bioloji mübarizə sahəsində innovativ addım atılmışdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi və Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkədə ilk dəfə qəhvəyi mərmər bağacığına qarşı samuray arılarının tətbiqi ilə bioloji mübarizəyə start verilmişdir.
İnstitutumuzda da qəhvəyi mərmər bağacığına qarşı bioloji mübarizə məqsədilə samuray arısı üzərində elmi-tədqiqat işlərinin aparılması ilə əlaqədar, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTBETİ) mütəxəssisləri və elmi işçiləri Göygöl Regional Mərkəzi Laboratoriyasında təşkil olunan genişmiqyaslı praktiki təlimlərdə iştirak etmişdirlər. Türkiyəli mütəxəssislər tərəfindən keçirilən təlimlərdə institutumuzun əməkdaşları samuray arılarının laboratoriya şəraitində çoxaldılması, saxlanılması, keyfiyyətə nəzarət və onların sahəyə buraxılması mərhələləri üzrə mühüm nəzəri-praktiki təcrübə qazanmış, beynəlxalq yanaşmalarla yaxından tanış olmuşlar.
Qazanılan təcrübə institutumuzda samuray arısı üzərində aparılan elmi-tədqiqat işlərinin daha da təkmilləşdirilməsinə, zərərvericinin populyasiyasının təbii yolla tənzimlənməsi istiqamətində gələcək araşdırmaların effektivliyinin artırılmasına xidmət edəcəkdir. Beynəlxalq təcrübədə ən effektiv və ekoloji cəhətdən təhlükəsiz üsul hesab olunan bu yanaşma, qəhvəyi mərmər bağacığının yumurtalarına parazitlik edərək onun populyasiyasını təbii yolla tənzimləməyə imkan verir.



