
Şıqqıldaq böcəklər (Elateridae Leach)
Dəstə: Böcəklər — Coleoptera
Fəsilə: Şıqqıldaq böcəklər — Elateridae
Hörmətli fermerlər! Şıqqıldaq böcəklər (Elateridae Leach) kənd təsərrüfatı bitkilərinə ciddi zərər verən təhlükəli zərərvericilərdən biridir. Polifaq zərərverici olub 10 000-dən çox növə malikdir və Azərbaycanın demək olar ki, bütün bölgələrində yayılmışdır. Apardığım tədqiqatlar zamanı ən çox rast gəldiyim növ zolaqlı şıqqıldaq böcəyi olmuşdur. Bitkilərə əsas zərəri yetkin fərdlər deyil, “məftil qurdları” adlanan sürfələrdir. Tədqiqatlarım zamanı bu zərərvericiyə ən çox günəbaxan, qarğıdalı, buğda və arpa sahələrində müəyyən etmişəm.
Əsas zədələnmə əlamətləri:
- Toxumların cücərməməsi
- Cavan bitkilərin solması və quruması
- Kök və gövdədə deşiklərin əmələ gəlməsi
- Sahədə seyrək çıxışların müşahidə olunması
Şıqqıldaq böcəklərinin bədəni uzunsov və bir qədər yastıdır. Yumurtaları kiçik, oval və çirkli ağ rəngdə, sürfələri isə sarımtıl və ya qəhvəyi rəngdə olur. İnkişaf dövrü 3–5 il davam edir. Məftil qurdları əsasən aprel–iyul aylarında aktiv olur, iyul–avqust aylarında isə torpağın 8–15 sm dərinliyində puplaşırlar. Sürfələr torpaqda bir neçə il yaşaya bildiyindən mübarizə tədbirləri vaxtında aparılmalıdır.
Mübarizə tədbirləri:
- Dərin şum və torpağın becərilməsi
- Növbəli əkin sisteminə əməl olunması
- Alaq otlarının məhv edilməsi
- Sağlam və keyfiyyətli toxumdan istifadə
- Toxumların dərmanlanması
Tövsiyə olunan preparatlar:
- İmidaşans-S (600 q/l imidakloprid) — 0,35 l / 100 kq toxuma
- Selest Top (Tiametoksam 262,5 q/l + Difenokonazol 25 q/l + Fludioksonil 25 q/l) — 0,3–0,4 l / 1 ton toxuma
Qeyd:
Zərərverici sürfə mərhələsini gövdə daxilində keçirdiyi üçün sonrakı kimyəvi mübarizə tədbirləri çətin və az effektli olur. Buna görə profilaktik tədbirlər xüsusi əhəmiyyət daşıyır.
Bitkilərimizi qoruyaq, məhsuldarlığımızı artıraq!
