
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təcrübə sahələrində günəbaxan və pambıq bitkiləri üzrə təcrübə əkinləri həyata keçirilib.
Əkinlər elmi-tədqiqat məqsədi çərçivəsində aparılmış və bu zaman əl səpini üsulundan istifadə olunmuşdur. Tədqiqatlar pambıq üzrə məhsuldar, tez yetişən, xəstəlik və zərərvericilərə davamlı, yüksək lif keyfiyyətinə malik orta lifli pambıq sortlarının yaradılması və sınağını, həmçinin günəbaxan bitkisi üzrə seleksiya və becərmə istiqamətində aparılan təcrübələri əhatə edir.
Hazırda sahələrdə bitkilərin ilkin inkişaf mərhələləri izlənilir, cücərmə göstəriciləri və vegetasiya prosesi üzrə müşahidələr davam etdirilir. Eyni zamanda torpaq-iqlim şəraitinə uyğun becərmə üsullarının tətbiqi və məhsuldarlığa təsir edən amillərin öyrənilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır.
Aparılan elmi-praktiki fəaliyyətlərin əsas məqsədi məhsuldarlığın və məhsul keyfiyyətinin artırılması, iqlim şəraitinə uyğun davamlı sortların əldə olunması və kənd təsərrüfatının inkişafına elmi töhfələrin verilməsidir.


