
Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən təcrübə sahələrində növbəti mövsümi monitorinqlər həyata keçirilmişdir. Cari mövsümün tələblərinə əsasən, intensiv müayinələr əsasən institutun təcrübə meyvə və üzüm bağlarını əhatə etmişdir.
Yüksək temperatur və rütubət amilləri ilə xarakterizə olunan iyul ayında bitki xəstəlik və zərərvericilərinin inkişaf dinamikası pik həddə çatır. Bu dövrdə həm üzüm, həm də meyvə bağlarında məhsuldarlığa birbaşa təsir edən unlu şeh, ləkəliliklər, antraknoz və müxtəlif meyvə çürümələri kimi göbələk mənşəli patogenlərin, həmçinin ciddi iqtisadi ziyan vuran mənənələrin, alma meyvəyeyəninin və digər zərərverici populyasiyalarının sahələrdə yayılma dərəcəsi institutun mütəxəssisləri tərəfindən tam nəzarətə götürülmüşdür. Monitorinqlər zamanı, həmçinin bağlarda xüsusilə alma meyvəyeyəninə və digər iqtisadi cəhətdən qorunan zərərvericilərə karşı quraşdırılmış feromon tələlərin fitosanitar göstəriciləri də geniş analiz edilmişdir.
Monitorinqlərin ilkin nəticələrinə əsasən, xəstəlik və zərərvericilərin iqtisadi ziyan vurma həddini keçməsinin qarşısını almaq məqsədilə institutun üzüm və meyvə bağlarında dərhal kompleks kimyəvi mübarizə tədbirlərinə start verilmişdir. Sahələrdə aparılan dərmanlama prosesi həm bitkilərin vegetasiya dövrünü sağlam başa vurmasına, həm də keyfiyyətli, bol məhsulun əldə edilməsinə xidmət edir.
İnstitut tərəfindən kənd təsərrüfatı bitkilərinin, o cümlədən meyvə və üzüm bağlarının zərərli orqanizmlərdən qorunması məqsədilə həm elmi-praktiki monitorinqlər, həm də sahələrdə birbaşa mübarizə tədbirləri mütəmadi olaraq davam etdiriləcəkdir.


