
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Biotexnologiya laboratoriyasında texniki bitkilərdə genetik tədqiqatların aparılması istiqamətində təlim və birgə praktiki təcrübələr həyata keçirilib. Təlim Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Texniki və Yem Bitkiləri şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Məmmədova tərəfindən laboratoriyanın əməkdaşları üçün təşkil olunub.
Təlim proqramının əsas məqsədi pambığın yeni sort və formalarının genetik xüsusiyyətlərinin öyrənilməsi, eləcə də respublikada geniş yayılan “Fusarium” və “Verticillium” vilt xəstəliklərinə davamlı genotiplərin identifikasiyası istiqamətində müasir tədqiqat yanaşmalarının tətbiq edilməsidir.
Proqram çərçivəsində iştirakçılara texniki bitkilərdə genetik tədqiqatların əsas mərhələləri, nümunələrin hazırlanması, genetik materialın qiymətləndirilməsi və xəstəliklərə davamlı genotiplərin müəyyənləşdirilməsi üzrə ətraflı nəzəri məlumatlar təqdim olunub. Nəzəri hissə ilə yanaşı, laboratoriya şəraitində birgə praktiki təcrübələr aparılıb və müasir tədqiqat metodlarının tətbiqi əyani şəkildə nümayiş etdirilib.
Keçirilən təlim və praktiki məşğələlər pambığın genetik müxtəlifliyinin öyrənilməsi, xəstəliklərə davamlı genotiplərin seçilməsi və gələcəkdə yeni, davamlı pambıq sortlarının yaradılması istiqamətində aparılan elmi-tədqiqat işlərinin inkişafına mühüm töhfə verir.
Tədbirin sonunda institutlararası əməkdaşlığın davam etdirilməsi, birgə elmi-tədqiqatların genişləndirilməsi və texniki bitkilərin genetik ehtiyatlarından səmərəli istifadə olunması istiqamətində geniş fikir mübadiləsi aparılıb.



