
Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Biotexnologiya laboratoriyasının əməkdaşları Vüqar Nəbiyev və Jalə Hüseynzadə Türkiyə Respublikasında keçdikləri təlim proqramı ilə bağlı institut əməkdaşları qarşısında təqdimatla çıxış ediblər.
Qeyd edək ki, əməkdaşlar institut ilə Ankara Universitetinin Ziraat fakültəsinin Tarla bitkiləri bölümünün Biotexnologiya laboratoriyası arasında mövcud əməkdaşlıq çərçivəsində Türkiyədə keçirilən təlim proqramında iştirak ediblər. Təlimin əsas məqsədi molekulyar biologiya və biotexnologiya sahəsində müasir metodların mənimsənilməsi, laboratoriya təcrübəsinin zənginləşdirilməsi və elmi tədqiqatların keyfiyyətinin artırılması olub.
Təqdimat zamanı təlim müddətində həyata keçirilən laboratoriya işləri, o cümlədən STAB protokolu əsasında DNT ekstraksiyası, PCR reaksiyasının qurulması və PCR məhsullarının agaroz gel elektroforezi vasitəsilə analizi barədə ətraflı məlumat verilib. Təlim proqramını uğurla başa vuran əməkdaşlara müvafiq sertifikatlar təqdim olunub.
Bu cür ixtisasartırma proqramları institutun elmi potensialının gücləndirilməsinə, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsinə və gələcəkdə birgə tədqiqat layihələrinin həyata keçirilməsinə mühüm töhfə verir.


