ÜZÜMÜN MİLDYU VƏ YA YALANÇI UNLU ŞEH XƏSTƏLİYİ, ONUNLA MÜBARİZƏNİN ƏSAS PRİNSİPLƏRİ » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

 

Dəyərli fermerlər, üzümçülər və aqronomlar,

Mildyu (yalançı unlu şeh) üzüm bitkisinin ən geniş yayılmış və ən təhlükəli xəstəliklərindən biridir. Xəstəliyin törədicisinin müasir təsnifatda yeri aşağıdakı kimidir:

  • Aləm (Regnum): Xromista
  • Şöbə (Divisio): Oomycota
  • Sinif (Classis): Peronosporea
  • Sıra (Ordo): Peronosporales
  • Fəsilə (Familia): Peronosporaceae
  • Cins (Genus): Plasmopara
  • Növ (Species): Plasmopara viticola Berl. et de Toni

Bu xəstəlik ilk dəfə 1834-cü ildə Şimali Amerikada yabanı üzüm növlərində qeydə alınmış, 1871-ci ildə Fransada yayılmış və sonrakı 10 il ərzində demək olar ki, bütün Avropanı əhatə etmişdir. Bəzi mənbələrə görə, 1896-cı ildə Azərbaycanda da müşahidə olunmuşdur.

Xəstəliyə həssas sortlarda yoluxma səviyyəsi 60–70%-ə çata bilir. Mildyu üzüm bitkisinin yarpaq, zoğ, hamaşçiçək, çiçək, gilə və salxımlarını zədələyir. İlkin yoluxma əsasən 2–3 sm ölçüdə olan cavan yarpaqlarda baş verir.

Plasmopara viticola toxuma daxili obliqat (həqiqi) parazit olub, yarpaqlara ağızcıqlar vasitəsilə daxil olur. Ağızcıqlar yarpaqlar 2–3 sm ölçüyə çatdıqda açılır. Patogen bitkiyə daxil olduqdan sonra gizli (latent) inkişaf mərhələsi keçir və inkubasiya dövrü başa çatdıqdan sonra yarpaqların səthində sarı, yağlı ləkələr əmələ gətirir.

Ətraf mühitdə rütubət yüksək olduqda, yoluxmuş yarpaqların alt səthində patogenin konididaşıyanlarından, konidilərdən, zoosporangilərdən və ikiqamçılı zoosporlardan ibarət boz örtük formalaşır. Məhz bu strukturlar vegetasiya dövründə xəstəliyin sürətlə yayılmasını təmin edir. Rütubətli illərdə patogen 30-a qədər inkubasiya dövrü verə bilir.

Qeyd olunmalıdır ki, üzüm gilələri “göy noxud” mərhələsinə çatdıqdan sonra onların üzərindəki ağızcıqlar bağlanır və gilələr artıq yoluxmaya davamlı olur. Lakin daraqlarda yoluxma davam edə bilər.

Mildyu xəstəliyinin inkişafı üçün əsas iqlim şərtləri:

  • Minimal temperatur: 7,9°C
  • Optimal temperatur: 20–22°C
  • Maksimum temperatur: 29°C
  • Nisbi rütubət: 100%-ə yaxın olduqda yoluxma daha intensiv gedir

Patogen əsasən cavan orqanları yoluxdurur. 10–15 günlük yarpaqlar daha yaşlı yarpaqlara nisbətən daha həssasdır. Yay aylarında (iyul–avqust) bitki orqanları kobudlaşdıqca patogen qida çatışmazlığı səbəbindən cinsi çoxalma mərhələsinə keçir və yoluxmuş yarpaqlarda oosporlar əmələ gətirir. Bu oosporlar patogenin qışlamasını təmin edir. Növbəti ilin yazında isə cücərərək ilkin yoluxmanın əsas mənbəyinə çevrilir.

Mübarizə tədbirləri:

İlk növbədə üzüm bitkisinin normal böyümə və inkişafını təmin edən aqrotexniki tədbirlər kompleksinə ciddi riayət olunmalıdır. Buraya davamlı sortların seçilməsi, düzgün becərmə, vaxtında budama, yaşıl budama, torpağın tələbatına uyğun gübrələmə, plantasiyanın yaxşı havalandırılması və düzgün suvarma daxildir.

Payızın sonunda (tənəklər nisbi sükunət dövründə olduqda) və ya erkən yazda (tumurcuqlar oyanmamışdan əvvəl) 3%-li bordo mayesi ilə “göy çiləmə” aparılması tövsiyə olunur. Bu tədbir patogenlərin qışlayan formalarına qarşı təsir göstərərək infeksiya ehtiyatını əhəmiyyətli dərəcədə azaldır.

Vegetasiya dövründə mübarizə tədbirləri üzümün fenoloji mərhələlərinə uyğun aparılır:

  1. Yarpaqlar 2–3 sm diametrə çatdıqda və ya zoğlar 15–20 sm olduqda
  2. Çiçəkləmədən əvvəl
  3. Çiçəkləmədən dərhal sonra
  4. Gilə və salxımların birinci fəal inkişaf mərhələsində
  5. Gilə və salxımların ikinci fəal inkişaf mərhələsində

Tövsiyə olunan preparatlar:

  • 1%-li bordo məhlulu
  • Coside (6–8 kq/ha)
  • Mavi bakır (8–10 kq/ha)
  • Ridomil Gold (2–2,5 kq/ha)
  • Kvadris (0,3–0,4 kq/ha)

İşçi məhlulun sərfi adətən 800–1000 l/ha təşkil edir.

Çiləmə müddətləri və preparat seçimi hava şəraitindən və xəstəliyin inkişaf səviyyəsindən asılı olaraq dəyişə bilər. Hər il pestisid bazarına yeni fungisidlərin daxil olması fermerlər üçün seçim imkanlarını genişləndirir.

Nəticə olaraq, düzgün aqrotexniki tədbirlərlə yanaşı vaxtında və məqsədyönlü kimyəvi mübarizə mildyu xəstəliyinə qarşı effektiv qorunmanın əsasını təşkil edir.

 

 

Paylaş: