
Respublikanın müxtəlif bölgələrində xurma meyvələrində baş verən fizioloji dəyişikliklər — yəni meyvələrin müxtəlif formalarda haçalanması hallarının müşahidəsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi və Bitki Mühafizə və Texniki Bitkilər ETİ tərəfindən monitorinqlər aparılıb.
04–06 noyabr 2025-ci il tarixlərində Şəmkir, Balakən və Zaqatala rayonlarında həyata keçirilən monitorinqlər çərçivəsində fermer təsərrüfatlarında və bəzi şirkətlərə məxsus bağlarda müşahidələr aparılıb, həmçinin fermerlərlə görüşlər keçirilib.
Nəticələr göstərib ki, fizioloji dəyişikliklər daha çox Şəmkir rayonunda, nisbətən az isə Balakən və Zaqatala rayonlarında müşahidə olunub. Beləki Şəmkir rayonunun bəzi təsərrüfatlarında meyvələrin 10–15 faizində, ayrı-ayrı bağlarda isə 35–40 faizədək fiziki dəyişiklik qeydə alınıb.
Monitorinqlər zamanı əsasən Rojo Brilliante, Roxo Brilliante, Rebersan və Şişburun sortlarının yetişdirildiyi müəyyən edilib. “Şişburun” sortunda fizioloji dəyişikliklərin digər sortlara nisbətən daha çox olduğu qeyd olunub.
Aparılan monitorinqlər zamanı nümunələr götürülüb və hazırda laborator şəraitdə araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bəzi bağlarda xurma bitkisində həlqəvi yarpaq ləkəliliyi, pasabənzər (qəhvəyi) yarpaq ləkəliliyi və qara ləkəlilik (alternarioz) kimi xəstəliklər də müəyyən edilib.



