“YERLİ VƏ XARİCİ PAMBIQ SORTLARININ İNTENSİV BECƏRMƏ ŞƏRAİTİNDƏ ABİOTİK VƏ BİOTİK STRES AMİLLƏRİNƏ DAVAMLILIĞI, MƏHSULDARLIQ GÖSTƏRİCİLƏRİ” MÖVZUSUNDA TARLA SEMİNARI KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Yerli və xarici pambıq sortlarının intensiv becərmə şəraitində abiotik və biotik stres amillərinə davamlılığı, məhsuldarlıq göstəriciləri” mövzusunda tarla seminarı keçirilib.

Tədbirdə  Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor və dosentləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM), Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzlərinin, Regional Təlim Mərkəzlərinin rəhbərləri və nümayəndələri,  pambıq tədarükü və emalı ilə məşğul olan “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq ASK” MMC, “P-Aqro” MMC-lərin  nümayəndələri,  alimlər, mütəxəssislər və pambıqçı fermerlər iştirak ediblər.

Açıq tarla şəraitində keçən tədbiri giriş nitqi ilə açan institutun direktoru İbrahim Cəfərov ölkəmizdə kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi istehsal sahələrindən olan pambıqçılığın inkişafı ilə bağlı atılan addımlardan danışıb. Qeyd edib ki,  ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi məqsədilə dünyanın ən qabaqcıl təcrübələrinin tətbiqi istiqamətində işlər ardıcıl olaraq davam etdirilir. Bu sahədə qarşıda duran vəzifələrdən biri də pambığın toxumçuluq məsələləri üzərində çalışmaq və yerli sortlardan istifadəni genişləndirməkdir. Milli toxumçuluğun inkişafına, toxum asılılığının azaldılmasına xüsusi diqqət yetirməklə elmi-tədqiqat bazalarının fəaliyyətinin yaxşılaşdırılmasına yönəlməli olan layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə ADAU-nun professoru Nizami Seyidəliyev, MKT İstehsalat Kommersiya” MMC -nin şöbə müdiri Fərid Firudinov, “Azərpambıq ASK” MMC-nin baş aqronomu Rafail Tahirov,  “P-Aqro” MMC -nin aqronomu Pərviz Rzayev, BMTBETİ-nin əmkdaşları Ələddin Tağıyev, Mahal Kazımov, Səbuhi Eldarov, Dilarə Marlamova və pambıqçı fermer Əfras Əsgərov çıxış edərək pambıqçılığın qarşısında duran vəzifələr, yerli və xarici pambıq sortlarının vegetasiya müddətində məhsuldarlığın artırılmasına təsir edən amillər, toxumçuluğun qurulması, stres faktorlara davamlı yerli pambıq sortlarının yaradılması haqqında məruzələrlə çıxış ediblər.

Daha sonra mütəxəsislər və fermerlər əkin zamanı qarşıya çıxan  problemlərin həlli yollarını müzakirə ediblər və son illərdə bu sahəyə  marağın daha da artdığını, bu səpgidə tədbirlərin keçirilməsinin məhsul istehsalının artmasına öz töhfəsini verəcəyini bildiriblər.

Sonda seleksiya təcrübələri və toxumluq əkin sahələrinə baxış keçirilib, institutda aparılan seleksiya işləri haqqında məlumat verilib.

 

Paylaş: