ZAQATALANIN FINDIQ BAĞLARINDA FİTOSANİTAR MONİTORİNQLƏR APARILIB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Zaqatala rayonunun fındıq bağlarında və fındıq qəbulu məntəqələrində bitkinin əsas zərərli orqanizmlərinin, o cümlədən son illərdə kənd təsərrüfatı üçün ciddi təhlükə yaradan qəhvəyi mərmər bağacığının aşkarlanması və yayılma səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə fitosanitar monitorinqlər keçirilib.

Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi ilə Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun mütəxəssislərinin birgə iştirakı ilə təşkil olunan tədbirin ana xəttini fındıq bağlarının fitosanitar vəziyyətinin qiymətləndirilməsi və fermerlərin maarifləndirilməsi təşkil edib.

Monitorinq çərçivəsində rayonun 1-ci Tala, 2-ci Tala, 3-cü Tala kəndləri və ətraf ərazilərdə yerləşən fındıq bağlarına, həmçinin məhsul qəbulu məntəqələrinə baxış keçirilib. Aparılan müşahidələr zamanı qəhvəyi mərmər bağacığının yetkin və sürfə mərhələləri, Amerika ağ kəpənəyi, fındıq mənənəsi, müxtəlif növ cırcıramalar, eləcə də bakterioz və unlu şeh xəstəlikləri aşkarlanaraq onların bitkilərə vurduğu zərər qiymətləndirilib.

Baxışlarla yanaşı, fermerlərlə maarifləndirici söhbətlər aparılıb, aqrotexniki tədbirlərin düzgün həyata keçirilməsi, bağlarda fitosanitar vəziyyətin yaxşılaşdırılması və zərərvericilərə qarşı vaxtında mübarizə aparılması barədə tövsiyələr verilib. Mütəxəssislər tərəfindən təsərrüfat sahiblərinin sualları cavablandırılıb və bildirilib ki, mütəmadi fitosanitar nəzarət məhsul itkisinin minimuma endirilməsi, keyfiyyətli məhsul istehsalı və rayon üzrə məhsuldarlığın artırılması baxımından müstəsna əhəmiyyət kəsb edir.

 

 

Paylaş: