GÖYÇAY RAYONUNDA FITOSANİTAR VƏZİYYƏTİN QİYMƏTLƏNDİRİLMƏSİ MƏQSƏDİLƏ MONİTORİNQLƏR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Göyçay rayonunun Qızılağac, Mollahacılı, Kürdəmiş və digər kəndlərində, həmçinin Sıracoğlu Fermer Təsərrüfatı MMC-də meyvə yığımından əvvəl fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə institutun bir sıra əməkdaşları tərəfindən monitorinqlər aparılmışdır. Monitorinqlər mövzu proqramlarına uyğun olaraq aparılıb və nar, alma, şərq xurması və digər əkinlərdə fitosanitar vəziyyət diqqətlə təhlil edilib.

Monitorinqlərdə Göyçay Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) əməkdaşları, Bitki Mühafizə və Fumiqasiya İdarəsinin mütəxəssisləri və yerli fermerlər iştirak ediblər. Monitorinqlər zamanı şərq xurması plantasiyalarında abiotik və biotik amillərə bağlı bir sıra xəstəlik və zərərvericilər, nar bağlarında isə nar meyvəyeyəni, meyvə çürüməsi, dəmgil, alternarioz kimi xəstəliklər aşkarlanıb.

Bundan əlavə, alça bağlarında klasterosporioz (deşikli ləkəlilik), polistiqmoz (qırmızı ləkəlilik), qırmızı tor gənəciyi və digər zərərverici orqanizmlər müəyyən edilib. Monitorinqlər zamanı bağ sahibləri və DAİM əməkdaşlarına xəstəlik və zərərvericilərlə mübarizə üçün effektiv idarəetmə üsulları barədə ətraflı tövsiyyələr verilib.

İnstitut əməkdaşları və mütəxəssislər tərəfindən həyata keçirilən bu monitorinqlər meyvə yığımından əvvəl fitosanitar vəziyyətin yaxşılaşdırılması və məhsulun keyfiyyətinin yüksəldilməsi üçün vacib addımdır.

Paylaş: