“18 OKTYABR – MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜ” BİTKİ MÜHAFİZƏ VƏ TEXNİKİ BİTKİLƏR ETİ-DƏ QEYD OLUNUB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

18 oktyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” münasibətilə rəsmi tədbir keçirilib. Tədbirdə institutun rəhbər heyəti, tanınmış alimlər, elmi işçilər və gənc tədqiqatçılar iştirak ediblər.

Tədbir Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Daha sonra tədbiri giriş nitqi ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb. O, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası ilə bağlı qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın tarixi və milli əhəmiyyətindən danışıb. Professor qeyd edib ki, bu mühüm sənəd vasitəsilə Azərbaycan xalqı öz milli kimliyini və suveren hüquqlarını bütün dünyaya bəyan edib.

İbrahim Cəfərov əlavə edib ki, 2021-ci ildən etibarən bu tarix rəsmi olaraq “Müstəqilliyin Bərpası Günü” kimi qeyd olunur və bu, müasir Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur. O, həmçinin müstəqilliyin qorunması və davamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasətinin vacibliyini vurğulayıb.

Tədbir zamanı müstəqilliyin bərpasının ölkənin elmi, sosial və iqtisadi inkişafına təsiri, elmi mühitdə formalaşan yeni nəsil tədqiqatçıların rolu, eləcə də vətənpərvərlik ruhunda yetişən gənclərin gələcək quruculuq işlərində iştirakı barədə geniş müzakirələr aparılıb.

Çıxış edən digər natiqlər – institutun aparıcı alimləri və gənc mütəxəssislər də Azərbaycan elminin müstəqillik illərində keçdiyi inkişaf yolundan söz açaraq, bu günün elmi ictimaiyyət üçün də həm mənəvi, həm də strateji baxımdan əhəmiyyətli olduğunu bildiriblər.

Sonda tədbir iştirakçıları bir daha “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nün xalqımız üçün fəxarət və qürur mənbəyi olduğunu vurğulayıb, müstəqil Azərbaycanın elmi potensialının daha da gücləndirilməsi istiqamətində səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Paylaş: