
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 2025-ci ilin mövzu planına daxil edilən elmi-tədqiqat işlərinin gedişatı və artıq yekunlaşdırılmış layihələrin nəticələrinin müzakirəsi məqsədilə Elmi-Texniki Şuranın növbəti iclasları təşkil olunub.
İclaslarda institutun rəhbər heyəti, elmi işçilər və struktur bölmələrin məsul əməkdaşları iştirak ediblər. Toplantı çərçivəsində tədqiqat istiqamətləri üzrə görülmüş işlərin məzmunu, mərhələlər üzrə icra vəziyyəti, aparılan elmi axtarışların nəticələri və onların aqrar sahədə praktik tətbiq imkanları ətraflı şəkildə təqdim olunub.
Müzakirələr zamanı şöbə və laboratoriyaların fəaliyyət profillərinə uyğun olaraq, kənd təsərrüfatı bitkilərində xəstəliklərin və abiotik stress amillərinin tədqiqi, torpaq münbitliyinin qorunması və artırılmasına yönəlmiş aqrotexnoloji tədbirlərin, optimal gübrələmə normalarının və suvarma rejimlərinin hazırlanması əsas müzakirə mövzuları olub.
Şura üzvləri yeni mövsümdə institutun elmi fəaliyyətinin daha da optimallaşdırılması, qabaqcıl metodologiyaların tədqiqat prosesinə inteqrasiyası, çöl və laboratoriya sınaqlarının genişləndirilməsi, eləcə də regionlar üzrə monitorinqlərin intensivləşdirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.
İclas mövcud nəticələrin qiymətləndirilməsi, elmi istiqamətlər üzrə gələcək fəaliyyət addımlarının müəyyən edilməsi və icrası nəzərdə tutulan işlərlə bağlı müvafiq qərarların qəbul edilməsi ilə yekunlaşıb.




