
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək Heydər Əliyevin Azərbaycan üçün misilsiz tarixi xidmətlərindən danışıb. O qeyd edib ki, Ulu Öndər XX əsrin sonlarında ölkəni siyasi böhran və parçalanma təhlükəsindən xilas etmiş, müasir Azərbaycan dövlətçiliyinin möhkəm təməlini formalaşdırmış, strateji inkişaf kursunu müəyyən etmişdir.
İbrahim Cəfərov çıxışında vurğulayıb ki, Heydər Əliyevin uzaqgörən siyasəti bu gün Azərbaycanın siyasi sabitliyinin, iqtisadi inkişafının və beynəlxalq nüfuzunun əsasını təşkil edir. Direktor həmçinin bildirib ki, aqrar sahənin inkişafı Ümummilli Liderin dövlət siyasətində xüsusi yer tutub. Məhz onun rəhbərliyi dövründə kənd təsərrüfatında institusional islahatlar aparılıb, aqrar elmin inkişafı üçün mühüm addımlar atılıb, elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilib.
O əlavə edib ki, hazırda aqrar sahədə əldə olunan uğurlar Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilməsinin nəticəsidir.
Daha sonra tədbirdə institut əməkdaşlarının çıxışları dinlənilib. Mahal Kazımov “Aqrar siyasətdə davamlı inkişaf və müasir çağırışlar – Heydər Əliyev kursunun davamı, Könül Abbasova “Ümummilli Liderin ideyaları: güclü dövlət, güclü xalq”, Rumiyyə Məmmədrzayeva “Aqrar sahədə Heydər Əliyevin irsindən doğan yol”, Fidan Əhmədova “Heydər Əliyevin gənclər siyasəti: bu günün gəncləri üçün örnək yol”mövzularında çıxış edərək Ümummilli Liderin dövlət quruculuğu, aqrar sahənin inkişafında oynadığı mühüm rol, eləcə də gənclərə və elmə göstərdiyi böyük diqqət geniş şəkildə vurğulanıb.
Tədbir yekunda Heydər Əliyev irsinin əzmlə yaşadılması və institutun fəaliyyətində onun müəyyən etdiyi strateji xəttin bundan sonra da əsas istiqamət olaraq davam etdirilməsi mesajı ilə başa çatıb.



