
Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ilə Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində “İnnovativ yanaşma əsasında pambıq toxumlarının səpinqabağı yüksək gərginlikli, mikrosaniyəlik impuls boşalması ilə aktivləşdirilməsinin məhsuldarlığa təsiri” mövzusunda elmi-tədqiqat işinin növbəti mərhələsi uğurla baş tutmuşdur.
Fizika İnstitutunun bir qrup əməkdaşı Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təcrübə sahələrində səfər edərək tədqiqatın nəticələrinə yerində baxış keçirmişdir. Səfər zamanı mütəxəssislər impuls texnologiyasının tətbiq edildiyi pambıq sahələrini izləyib, toxumların aktivləşdirilməsi üsulunun bitki inkişafı və ilkin məhsuldarlığa təsirini müşahidə etmişlər.
Görüş zamanı tərəflər sahədə əldə edilən ilkin nəticələri qiymətləndirmiş, tədqiqatın gələcək mərhələləri ilə bağlı fikir mübadiləsi aparmışlar.
Bu birgə tədqiqat kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqini genişləndirmək, pambıqçılıqda məhsuldarlığı artırmaq və elmi əsaslı yanaşmaların inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

