AZƏRBAYCAN ÜZÜMÇÜLÜYÜ XX ƏSRİN 70-80-Cİ İLLƏRİNDƏ” MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də Ulu Öndər  Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan üzümçülüyü XX əsrin 70-80-ci illərində” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə elmi -tədqiqat institutlarının, ətraf rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, təcrübə stansiyalarının rəhbərləri, aqrar şirkətlərin nümayəndələri, ADAU-nun müəllim heyəti iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransı giriş sözü ilə açan institutun direktoru İbrahim Cəfərov vurğulayıb ki, Üzümçülük Azərbaycanda kənd təsərrüfatı bitkiləri içərisində ərzaq bitkisi kimi becərilməsi ilə yanaşı, gəlirli sahə olaraq insanların iqtisadi həyatında mühüm rol oynayıb.

1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə bir çox sahələr kimi üzümçülük sahəsində də köklü dəyişikliklər başlamışdır. Respublikada mövcud üzümlüklərin vəziyyəti yaxşılaşdırılmış, geniş miqyaslı yeni üzüm bağları salınmış, üzümçülüyün bərpa və inkişaf etdirilməsinə çox ciddi diqqət və qayğı göstərilmişdir. Məhz bu diqqət, qayğının nəticəsi olaraq  üzümçülük sahəsində yaranmış  ağır vəziyyət aradan qalxaraq 1984-cü ildə respublikada üzüm istehsalı 2 milyon tona, hər hektardan məhsuldarlıq 95 sentnerə çatdırılıb.

Bu gün sevindirici haldır ki, ulu öndər Heydər Əliyevin uğurlu siyasəti onun layiqli siyasi varisi, prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

Elmi-praktik konfransda dosent Məhsəti Ələkbərova “Üzümçülükdə ən yaxşı kənd təsərrüfatı təcrübələrinin tətbiqi”, dosent Mehman İsmayılov, “Ümummilli Lider Heydər Əliyevin Üzümçülük və Şərabçılığın inkişaf strategiyası”, dosent Abbas İsmayılov “Üzüm sortlarının invitro şəraitində mikroklonal çoxaldılması”, institutun əməkdaşları Gülçin Dəmirova “Üzüm bağlarında oidium (unlu şeh, külləmə) və onunla mübarizədə yeni imkanlar”, Fidan Əhmədova-Üzümün boz çürümə, antraknoz xəstəlikləri və onlarla mübarizənin əsas xüsusiyyətləri”,  Afaq Həsənova  “Üzüm plantasiyalarının  başlıca zərərvericiləri və onlarla mübarizənin əsas şərtləri” mövzularında məruzələrlə çıxış edib, fikir mübadiləsi aparılıb.

Paylaş: