BALAKƏN RAYONUNDA QƏHVƏYİ MƏRMƏR BAĞACIĞI İLƏ BAĞLI ELMİ-PRAKTİK SEMİNAR KEÇİRILİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Balakən rayonunda   Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirlərinin təşkili” mövzusunda elmi-praktik seminar keçirilib.

Seminara Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəis müavini Yaqub Səfərli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), ARETN Zoologiya  institutunun nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və yerli icra hakimiyyəti orqanlarının və digər aidiyyatı qurumların nümayəndələri qatılıblar.

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru İbrahim Cəfərov tədbirin əhəmiyyətindən söz açaraq qeyd etdi ki, qəhvəyi mərmər bağacığı bu gün dünyanın müxtəlf ölkələrində 100-dən artıq bitkini yoluxduran və kifayət qədər yüksək zərər verən zərərvericilərdən biridir. Zərərvericinin ölkə ərazisində aşkarlanması isə ilk dəfə bu bölgədə, Zaqatala rayonun Muğanlı kəndində qeydə alınmışdır. Qəhvəyi mərmər bağacığı dünyanın dünyanın müxtəlif ölkələrində qeydə alınmışdır. Ədəbiyyat məlumatlarında qeyd olunur ki, qəhvəyi mərmər bağacığı 2010-cu ildə Amerikanın 33 ştatında becərilən müxtəlif plantasiyalara 21 milyard dollar ziyan vurub. Ölkəmizdə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 dekabr tarixli 819s nömrəli Sərəncamı ilə bu zərərvericinin yayılma arealı inkişaf dinamikası, yoluxduğu bitkilərin çeşidi və onlara vurulan zərərlə bağlı təcili tədqiqat işlərinə başlanmışdır. Bu nöqteyi nəzərdən Bitki Mühafizə və Texniki Bitkilər ETİ olaraq bizim də üzərimizə böyük öhdəliklər düşür.

Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəis müavini Yaqub Səfərli “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamından irəli gələn məsələlər haqqında məlumat verib. Qəhvəyi mərmər bağacığının təhlükəliliyini nəzərə alaraq, qəhvəyi mərmər bağacığının müşahidə edildiyi ölkəmizdə mühafizə üçün görülən qabaqlayıcı tədbirlərdən, nəzərdə tutulan və həyata keçiriləcək işlərdən söz açıb.

ETSN-nin nümayəndəsi  Vahid Fərzəliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Müvafiq Qurumları Tərəfindən 2023-cü ildə Qəhvəyi Mərmər Bağacığına Qarşı Aparılmış Bitki Mühafizəsi Tədbirləri Barədə məlumat verib.

AQTA-nın əməkdaşı b.e.f.d. Gülnar Qəhrəmanova “Qəhvəyi mərmər bağacığının   Azərbaycan ərazisi üçün risk ehtimalı”, Zoologiya İnstitutunun əməkdaşı b.e.f.d. Səliqə Qazi “Qəhvəyi  mərmər bağacığının bioekologiyasına dair”, BMTBETİ-nin əməkdaşları b.e.f.d. Qabil Bayramov  “Gəncə-Daşkəsən bölgəsində qəhvəyi mərmər bağacığının inkişafı və təbii entomofaqlarının öyrənilməsi”, Afaq Həsənova Qəhvəyi mərmər bağacığının yayılması zərəri və fəaliyyəti”, Gülcamal Ələsgərova “Qəhvəyi mərmər bağacığının inkişafının laboratoriya şəraitində öyrənilməsi”, Xəyalə Abbasova Qəhvəyi mərmər bağacığı ilə mübarizənin elmi əsasları” mövzularında çıxış edərək  qəhvəyi mərmər bağacığının bioloji xüsusiyyətlərindən, zərərlərindən, təbii düşmənlərinin müəyyən edilməsindən, bioloji mübarizədə onların tətbiqi imkanlarından və təqdimatları ilə çıxış ediblər və 2023-cü il üzrə mütəxəssislərin apardıqları tədqiqatlara dair məlumatlar dinlənilib, səsləndirilən təkliflər, çatışmamazlıqlar  birgə müzakirə olunub.

Paylaş: