Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin Biotexnologiya laboratoriyasının əməkdaşları peşəkarlığın artırılması və laboratoriya nəticələrinin tanınması məqsədilə mütəmadi olaraq yerli və xarici mütəxəssislər tərəfindən keçilən təlimlərdə iştirak edir, təcrübə mübadiləsi aparırlar.
Laboratoriyanın əməkdaşları bu dəfə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Doğu Anadolu Kənd Təsərrüfatı Tədqiqatları İnstitutu və Mersin Universitetindən dəvət edilmiş ekspertlər tərəfindən keçilən modern seleksiya və molekulyar biologiya üzrə təlimlərə qatılıblar. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə institutun nəzdində təşkil olunmuş təlimlər Doğu Anadolu Kənd Təsərrüfatı Tədqiqatları İnstitutunun, Mersin Universitetinin mütəxəssisləri Dr. Abdullah Çil, Dr. Ayşe Nuran Çil və Dr. Dilek Tekdal tərəfindən aparılır.
Genetik markerlərin əsasları, SSR (sadə ardıcıllığın təkrarlanması) marketləri ilə tanışlıq, genetik markerlərin açıqlanması, onların növləri, bitki seleksiyasında rolu, genetik müxtəlifliyin qiymətləndirilməsində və filogenetik analizdə istifadəsi, populyasiya genetikasının əsasları, populyasiyanın təhlilində SSR marketlərinin istifadəsi, seleksiya strategiyaları və genetik mühafizə, buğda, arpa və qarğıdalının genetik analizində SSR marketlərinin araşdırılması, tədqiqin təmin edilməsi mövzularında keçirilən təlimlərdə mütəxəssislər Türkiyənin bu sahədəki təcrübəsi ilə yaxından tanış olub, nəzəri və praktiki biliklər əldə edib, eləcə də biotexnologiya laboratoriyasında birgə analizlər aparıblar.