BİTKİ MÜHAFİZƏ VƏ TEXNİKİ BİTKİLƏR ETİ-DƏ COP29-LA BAĞLI DƏYİRMİ MASA KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası (COP29) ilə bağlı Tədbirlər Planının icrası istiqamətində Bitki Mühafizə və Texniki Bitkilər ETİ “İqlim dəyişkənliyi şəraitində müxtəlif zərərli orqanizmlərin potensial yayılma imkanları və onların idarə edilməsi” mövzusunda dəyirmi masa keçirilib.

İnstitutun direktoru İbrahim Cəfərov tədbiri giriş sözü ilə açaraq  Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu xatırladıb və  noyabr ayında respublikamızda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası  COP29-un əhəmiyyətindən bəhs edib. Vurğulayıb ki, Dünyanı bu gün narahat edən əsas məsələlərdən biri qlobal iqlim dəyişkənliyi və onun törətdiyi fəsadlardır. Azərbaycan iqlim dəyişkənliyi ilə mübarizə birgə səylərin əhəmiyyətini anlayır. Ölkə prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasəti iradə və Şərqi Avropa Qrupunun üzvü olan Dövlətlərin Azərbaycan COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bu günkü  uğurumuzda həlledici rol oynayıb. BMT-nin iqlim dəyişkənlikləri üzrə çərçivə konvensiyasına tərəf olmaqla iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35% azalmasını hədəfləyir. İşğaldan azad edilmiş torpaqlar “Yaşıl enerji” zonası elan edilib. Bu əraziələrin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasının yaradılması planlaşdırılır.

Direktor qeyd edib ki, Bitki Mühafizə və Texniki Bitkilər ETİ olaraq aqrosenozlarda kənd təsərrüfatı bitkilərinin becərilməsi, abiotik və biotik stres amillərinə qarşı  mühafizənin təşkili, bitkilərin zərərverən orqanizmlərə qarşı immunluğunu və davamlılığının gücləndirilməsi bizim vəzifə borclarımızdan sayılır. İqlim dəyişikliyi bütün bu proseslərin normal yerinə yetirilməsində əsl maneədir.

Daha sonra çıxış edən natiqlər “İqlim dəyişkənliyinin üzümün zərərli orqanizmlərinə təsiri”, “Pestisidlərin sağlamlığa və ətraf mühitə təsiri”, “İqlim dəyişkənliyinin həşaratlara təsiri”, “Quraq torpaqlarda biomüxtəlifliyin qorunması ilə bağlı problemlər və həlli yolları”, İqlim dəyişkənliyinin biomüxtəlifliyə və ərzaq təhlükəsizliyinə təsiri”  mövzularında təqdimatlarla çıxış ediblər.

Paylaş: