AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun təqdimatında “Bitki Xəstəlikləri, Yaranma Səbəbləri və Patoloji Proses” mövzusunda elmi-praktik təlim keçirilmişdir.
Tədbirin əsas məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mütəxəssislərin, aqronomların, fermerlərin və sahə üzrə təhsil alan tələbələrin bitki xəstəlikləri ilə bağlı nəzəri və praktiki biliklərinin artırılması, eləcə də bitki orqanizmlərində baş verən patoloji proseslər barədə ətraflı şəkildə maarifləndirilməsi olmuşdur.
Təlim çərçivəsində iştirakçılara bitkilərdə rast gəlinən əsas xəstəliklər, onların törədiciləri və yayılma yolları haqqında geniş məlumat verilmiş, xəstəliklərin yaranmasına səbəb olan ekoloji, biotik və abiotik amillər ətraflı şəkildə izah edilmişdir. Eyni zamanda, patoloji proseslərin bitki toxumalarında yaratdığı morfoloji və fizioloji dəyişikliklər, bu proseslərin məhsuldarlığa göstərdiyi təsirlər və xəstəliklərin qarşısının alınmasında profilaktik tədbirlərin əhəmiyyəti vurğulanmışdır.
İştirakçılarla interaktiv müzakirələr aparılmış, diaqnostik yanaşmalar, xəstəliklərin vaxtında aşkarlanması və praktiki mübarizə üsulları real nümunələr üzərində təqdim olunmuşdur. Bitki sağlamlığının qorunmasında müasir biotexnoloji üsullar, aqrokimyəvi vasitələr və inteqrir mübarizə tədbirlərinin rolu xüsusi qeyd edilmişdir.
Belə tədbirlər kənd təsərrüfatında məhsuldarlığın artırılması, xəstəliklərin erkən mərhələdə müəyyənləşdirilməsi və dayanıqlı istehsal sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət daşıyır.