BMTBETİ İLƏ AEBA ARASINDA KEÇİRİLƏN LAYİHƏLƏR BARƏDƏ MÜZAKİRƏLƏR APARILIB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA)  arasında keçirilən layihələr barədə müzakirələr aparılıb.

“Azərbaycanda pambıq istehsalı üzrə Torpaq, qida maddələri və su ilə bağlı Ağıllı Kənd Təsərrüfatı Təcrübələrinin genişləndirilməsi” layihəsi ilə bağlı aparılan müzakirələrdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin direktoru İmran Cümşüdov, BMTBETİ-nin direktoru İbrahim Cəfərov, AEBA-nın eksperti Mohammad Zaman,  layihə koordinatoru Nəzakət İsmayılzadə və institutun əməkdaşları iştirak ediblər.

Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov qeyd edib ki, 2018-ci ildən başlayaraq nüvə texnologiyalarının tətbiqi ilə pambığın məhsuldarlığının artırılması istiqamətində 2 layihə aparılıb. Hər iki layihənin icrasının əsas hissəsi  Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təcrübə sahələrində həyata keçirilib. 2018-2019-cu illərdə aparılan “Xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq xətlərinin yaradılması” layihəsi üzrə xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq xətləri yaradılıb (M1, M2, M3, M4) və həmin xətlər hazırda yeni pambıq sortlarının yaradılması üzrə seleksiya proqramlarına daxil edilib.

Görüşdə İbrahim Cəfərov bildirib ki, qlobal istiləşmə şəraitində Azərbaycanda pambıq istehsalının genişləndirilməsi üçün iqlim əsaslı ağıllı kənd təsərrüfatı təcrübələrinin inkişaf etdirilməsi məqsədilə aparılan ikinci “Azərbaycanda pambıq istehsalı üzrə Torpaq, Qida Maddələri və Su ilə bağlı Ağıllı Kənd Təsərrüfatı Təcrübələrinin genişləndirilməsi” layihəsinin icrası da BMTBETİ-də davam etdirilir.  2022-2025-ci illəri əhatə edən  layihə üzrə Pakistandan gətirilmiş 7 pambıq sortunun arasında “Cotton Super” sortu  ən yüksək məhsuldarlıq görtəriciləri ilə  digərlərindən fərqlənib.

Direktor vurğulayıb ki, layihə çərçivəsində kadr hazırlığı məsələsinə də xüsusi diqqət edilib, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İsntitutunun mütəxəssisləri Türkiyə Cümhuriyyətinin Ankara şəhərində yerləşən Türkiyə Atom Enerjisi Kurumunun Sarayköy Nüvə Araşdırma və Eyitim Mərkəzinə, Aydın Böyükşəhər Bələdiyyəsinin Nazilli yaşayış məntəqəsinin ərazisində yerləşən Pambıq Araşdırma İnstitutunda təlim keçib. Eyni zamanda, hər iki layihə çərçivəsində instituta laboratoriya avadanlıqları alınıb.

AEBA-nın eksperti Mohammad Zaman Kənd təsərrüfatında ağıllı nüvə və izotop sistemlərinin tətbiqi haqqında məlumat verərək,  həyata keçirilən sahələr üzrə prosesləri daha dəqiq məlumatlarla təmin etməyə imkan verdiyini, öz növbəsində dəqiq məlumatlar əsasında tətbiq edilmiş strategiyanın məhsuldarlıqda 60 faiz artıma səbəb olduğunu bildirib.

Görüş müzakirələrlə davam etdirilib.

Paylaş: