Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından üç il ötür. Bununla əlaqədar oktyabrın 17-də Bitki Mühafizə və Texniiki Bitkilər ETİ-nin direktoru İbrahim Cəfərov və institut kollektivi erməni terroru nəticəsində zərər dəymiş Gəncə şəhəri “Qələbə park”ını ziyarət ediblər.
Mərasim iştirakçıları terror zamanı şəhid olan mülki vətəndaşların adlarının əks olunduğu lövhənin, o cümlədən dağılan ərazinin önünə tər çiçəklər düzüb, şəhidlərin ruhuna dərin ehtiramlarını ifadə ediblər.
Tədbirdə institutun direktoru İbrahim Cəfərov bildirib ki, Gəncə şəhərinə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində ballistik raketlərlə hücum edildi. Gəncə şəhərinə endirilmiş raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak oldu, 29-u uşaq olmaqla, 142 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. 3 ailənin üzvü olan 4 uşaq hər iki valideynini itirdi. Şəhərin müxtəlif yaşayış və qeyri-yaşayış sahələrinə külli miqdarda ziyan dəydi.