
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi və əməkdaşları Gəncə şəhərində yeni inşa edilmiş Gəncə Memorial Kompleksini ziyarət ediblər.
Ziyarət, Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmasının beşinci ildönümünə təsadüf edir. Tədbirin məqsədi 44 günlük Vətən müharibəsi zamanı mülki əhalinin hədəfə alınması nəticəsində həyatını itirən günahsız insanların əziz xatirəsini yad etmək, onlara olan hörmət və ehtiramı ifadə etmək olub.
Ziyarət zamanı institut kollektivi abidə önünə gül dəstələri qoyub, şəhidlərin və mülki qurbanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Hücumların dəhşətli nəticələri bir daha xatırlanıb və bu faciələrin milli yaddaşda daimi yer tutduğu qeyd olunub.
Daha sonra ziyarətçilər Gəncə Memorial Kompleksindəki muzey ekspozisiyası ilə tanış olublar. “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” mövzularına həsr olunmuş zallar iştirakçılarda dərin təəssürat yaradıb.





