GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda gənc əməkdaşlarla görüş təşkil olunub.

Tədbirdə institutun direktoru çıxış edərək gənc kadrları bayram münasibətilə səmimi qəlbdən təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. O, gənclərin elmi-tədqiqat prosesində fəal iştirakının, innovativ ideyalarının və təşəbbüslərinin institutun inkişafında mühüm rol oynadığını vurğulayıb. Direktor qeyd edib ki, müasir dövrdə elmin inkişafı məhz gənc nəslin bilik və bacarıqlarından, yeni yanaşmalarından asılıdır. Gənc mütəxəssislərin elmə marağının artırılmasının, onların tədqiqat işlərinə daha geniş cəlb olunmasının və peşəkar kadr kimi formalaşmasının institutun əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb.

Direktor çıxışında ölkəmizdə gənclər siyasətinə göstərilən dövlət dəstəyindən bəhs edərək, gənc mütəxəssislərin potensialının artırılması, onların elmi fəaliyyətə daha geniş cəlb olunması və peşəkar inkişafı üçün institutda yaradılan imkanları diqqətə çatdırıb. O, gənclərə daim öz üzərlərində işləməyi, elmi yenilikləri yaxından izləməyi, müasir bilik və bacarıqlara yiyələnməyi, əldə etdikləri təcrübəni ölkəmizin aqrar sahəsinin inkişafına yönəltməyi tövsiyə edib.

Görüş zamanı gənc əməkdaşların təklif və fikirləri dinlənilib, onların gələcək fəaliyyət planları ətrafında müzakirələr aparılıb. Tədbir səmimi dialoq şəraitində davam edib.

Sonda institut rəhbərliyi tərəfindən gənclərə gələcək fəaliyyətlərində uğurlar arzu olunmuş, təbrik əlaməti olaraq onlara çiçəklər təqdim edilmişdir.


Paylaş: