İSTİXANA ŞƏRAİTİNDƏ MÜŞAHİDƏ OLUNAN XƏSTƏLİK, ZƏRƏRVERİCİ VƏ ONLARA QARŞI İNTEQRİR MÜBARİZƏ TƏDBİRLƏRİ MÖVZUSUNDA ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə  Şəmkir rayonunda “İstixana şəraitində müşahidə olunan xəstəlik, zərərverici və onlara qarşı inteqrir mübarizə tədbirləri” mövzusunda elmi-praktik seminar keçirilib.

Şəmkir DAİM-də təşkil olunmuş seminarda BMTBETİ-nin direktoru İbrahim Cəfərov, Samux rayon  DAİM və Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin rəhbərləri, aqrar sahədə fəaliyyət göstərən mütəxəssislər və fermerlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan institutun direktoru İbrahim Cəfərov bildirib ki, son illər iqlim dəyişiklikləri nəticəsində baş verən aramsız yağıntılar, bəzən yüksək hərarətin təsiri ilə quraqlığın yaranması və digər çatışmazlıqlar açıq şəraitdə tərəvəz bitkilərinin becərilməsini çətinləşdirir. Bu baxımdan tərəvəzlərin istixanada yetişdirilməsinə ehtiyac yaranır. Açıq sahə ilə müqayisədə örtülü şəraitdə tərəvəz istehsalı iqtisadi cəhətdən olduqca səmərəlidir. Lakin örtülü şəraitdə tərəvəz bitkilərini düzgün becərmək üçün onların bioloji-təsərrüfat xüsusiyyətlərini bilmək lazımdır. Yüksək məhsul əldə etmək üçün həmin bitkilərin torpaq-iqlim şəraitinə münasibətini nəzərə almaq, onlarda yarana biləcək xəstəlikləri vaxtında müəyyənləşdirmək, eləcə də örtülü şəraitdə becərilən tərəvəz bitkilərinin sortlarını müəyyən edib seçmək vacibdir.

Seminarda Şəmkir DAİM-in direktoru Rəşad Əzizov ölkə ərazisində istixana üsulunun daha çox Qazax-Tovuz iqtisadi rayonu ərazisində, xüsusillə Şəmkir  rayonunda inkişaf etdiyini vurğulayıb. Daha sonra örtülü əkin sahələrində  mövcud vəziyyət, femerlərin bitki mühafizəsi sahəsində üzləşdiyi problemlər haqqında söz açıb.

BMTBETİ-nin şöbə müdiri Qabil Bayramov “İstixana şəraitində müşahidə olunan xəstəlik, zərərverici və onlara qarşı inteqrir mübarizə tədbirləri” mövzusundə təqdimatla çıxış edərək istixana şəraitində bitkilərə qulluq qaydaları, xəstəlik və zərərvericilər, onlara qarşı inteqrir mübarizə tədbirləri haqqında geniş məlumat verib.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb və müvafiq qaydada cavablandırılıb.

Sonda seminar iştirakçılarına bukletlər, lazımi informasiya materialları paylanılıb.

Paylaş: