MASALLIDA AQRAR BİZNES FESTİVALI KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Masallı rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun, İstehlak Mallarının Ekspertizası Mərkəzinin və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Aqrar Biznes Festivalı keçirilib. Festivalda Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Elm və Təhsil Nazirliyinin tabeli qurumları, həmçinin bank və bank olmayan kredit təşkilatları iştirak ediblər. Masallı “ASAN xidmət” mərkəzində keçirilən festivalda fermerləri maraqlandıran müxtəlif kənd təsərrüfatı təyinatlı texnika və məhsullar nümayiş olunub, müxtəlif qurumların mütəxəssisləri dövlət və özəl sektorun əməkdaşlığı çərçivəsində fermer və sahibkarlara göstərilən dəstək barədə məlumat veriblər.

Festivalda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov fermerlərin maarifləndirilməsi istiqamətində rayonda keçirilən bu cür tədbirlərin əhəmiyyəti və aqrar sahəyə öz töhfəsini verəcəyini vurğulayıb.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məşhur Məmmədov çıxışında bildirib ki, ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına təmin edilir. Azərbaycanda qeyri-neft sektorunun aparıcı istiqamətlərindən olan aqrar sahə uğurla inkişaf edir.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov fermerlərin aqrar innovasiyalara və maliyyə mənbələrinə çıxışını əlçatan edən bu festivallarda əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası sədri Səkinə Babayeva və Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova çıxış edərək bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanı baxımından bölgələrdə keçirilən bu tədbirlərin fermerlər, eyni zamanda sahibkarlar üçün əhəmiyyətli olduğunu qeyd ediblər.

Sərgi bölməsində kənd təsərrüfatlı təyinatlı texnikalar, müasir suvarma texnologiyaları, bitki mühafizə vasitələri, müxtəlif bitki və tərəvəz toxumları nümayiş olunub.

Festival çərçivəsində keçirilən növbəti kredit yarmarkasında fermerlərə güzəştli kreditlərin verilməsi ilə bağlı məlumat verilib. Fermerlərin aqrar təyinatlı kreditlərin verilmə şərtləri, müxtəlif kredit məhsulları və digər məsələlərlə bağlı sualları cavablandırılıb.

Bundan başqa, festivalda kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı ilə məşğul olan şirkətlər tərəfindən müxtəlif məhsullar satışa çıxarılıb, həmçinin Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Azərbaycan Kənd Qadınları Assosiasiyasının qadın üzvləri öz məhsullarının nümayişini və satışını həyata keçirib.

Festival çərçivəsində Aqrar Xidmətlər Agentliyi yanında Aqrar Təlim Mərkəzi, Aqrar Sığorta Fondu və özəl şirkət tərəfindən sahənin prioritet istiqamətləri üzrə fermerlərə təlimlər keçirilib.

Paylaş: