QARABAĞ BÖLGƏSİNDƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI FİTOSANİTAR MONİTORİNQLƏR APARILIB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Qarabağın işğaldan azad edilmiş ərazilərində – Ağdam, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında müxtəlif aqrosenozlarda kənd təsərrüfatı bitkilərinə ziyan verən zərərli orqanizmlərin inkişaf səviyyəsinin dəqiqləşdirilməsi məqsədilə növbəti monitorinqlər həyata keçirilmişdir.

Monitorinqlərin əsas məqsədi müxtəlif aqrosenozlarda kənd təsərrüfatı bitkilərinə zərər verə biləcək orqanizmlərin inkişaf dinamikasının operativ qiymətləndirilməsi, vegetasiya dövründə mümkün risklərin qabaqcadan müəyyən edilməsi və mübarizə tədbirlərinin elmi əsaslarla optimallaşdırılması olmuşdur.

Aparılan detallı müşahidələr nəticəsində buğda əkinlərinin kənar sahələrində siçanabənzər gəmiricilərin intensiv məskunlaşdığı rezervuarlar müəyyən edilmişdir. Koloniyalarda orta hesabla 20–25 işlək yuvanın qeydə alınması taxıl sahələri üçün potensial təhlükə yaradan növlərin – Microtus alvarisMicrotus socialis populyasiyasının artım meylini göstərir və onların əkin sahələrinə miqrasiyası riskini aktuallaşdırır.

Mövcud fitosanitar vəziyyət nəzərə alınaraq, buğda sahələrinin kənarlarında yerləşən rezervuarlarda vaxtında və məqsədyönlü mübarizə tədbirlərinin həyata keçirilməsi tövsiyə edilmişdir. Təklif olunan tədbirlər zərərvericilərin kütləvi çoxalmasının qarşısının alınmasına, məhsul itkilərinin minimuma endirilməsinə və regionda davamlı fitosanitar sabitliyin təmin olunmasına xidmət edir.

İşğaldan azad edilmiş ərazilərdə aparılan mütəmadi monitorinqlər aqrar sektorun dayanıqlı inkişafı və məhsuldarlığın qorunması istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Paylaş: