RESPUBLİKAMIZDA PAMBIQ TOXUMÇULUĞUNUN MÖVCUD VƏZİYYƏTİNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Respublikamızda pambıq toxumçuluğunun mövcud vəziyyəti, problemlər və həlli yolları” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq ASK” MMC, “P-Aqro” MMC-nin rəhbər və  nümayəndələri, pambıqçı fermerlər iştirak ediblər.

İnstitutun direktoru İbrahim Cəfərov toxumçuluğun məhsul istehsalı zəncirində çox mühüm rol oynadığını vurğulayıb. Mövsüm zamanı torpağa səpilən yüksək reproduksiyalı toxum əkin sahələrindən bol və keyfiyyətli məhsul götürülməsi deməkdir. Vurğulayıb ki, respublikamızda da son illərdə toxumçuluğun inkişafı, bu sahədə qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, məhsuldar toxum sortlarının yetişdirilməsi, həmçinin xaricdən keyfiyyətli toxumların idxalı diqqət mərkəzində saxlanılır.

İmran Cümşüdov pambıq toxumçuluğunun inkişaf etdirilməsi, toxuma olan tələbatın  yerli istehsal hesabına  təmin olunmasının prioritet vəzifələrdən olduğunu bildirib. Onu da qeyd edib ki, toxumçuluq gəlirli sahədir. Ölkədə bu sahəni inkişaf etdirmək və toxumçuluq təsərrüfatları qurmaq üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən  zəruri tədbirlər həyata keçirilir.

Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov sort təmizliyinin təmin edilməsində ilkin toxumçuluğun düzgün təşkilinin vacibliyini vurğulayıb. Qeyd edib ki, toxumçuluq sisteminin səmərəli təşkili xüsusi əhəmiyyət kəsb edir.

Şirkət nümayəndələri yerli pambıq toxumluğunun inkişaf perspektivləri barədə fikir və  mülahizələrini söyləyiblər. Onlar eyni zamanda pambıq toxum istehsalı ilə bağlı, institutla əlaqələrin daha da genişləndirilməsindən bəhs ediblər.

Dəyirmi masada respublikada pambıq toxumçuluğunun inkişaf etdirilməsi istiqamətində müazkirələr aparılıb və səmərəli təkliflər səsləndirilib. 

Sonda institutun təcrübə sahələrinə baxış keçirilib.

Paylaş: