
Görüşün məqsədi iki elmi qurum arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsi, birgə tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin təşkili olub.
Görüşün əvvəlində tərəflər qurumlar haqqında təqdimatlar ediblər. Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru İbrahim Cəfərov və Bitkilərin Bioloji Mübarizəsi Federal Elmi Mərkəzinin direktoru Asaturova Anjela rəhbərlik etdikləri qurumların fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və əldə olunan elmi nəticələr barədə ətraflı məlumat veriblər.
Daha sonra keçirilən müzakirələrdə bitki mühafizəsi sahəsində müasir elmi yanaşmalar, bioloji mübarizə metodlarının tətbiqi, zərərverici və xəstəliklərə qarşı ekoloji cəhətdən təhlükəsiz mübarizə üsullarının işlənib hazırlanması istiqamətləri nəzərdən keçirilib. Tərəflər yeni bioloji preparatların sınağı, laboratoriya tədqiqatlarının aparılması, mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili və birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Həmçinin gələcəkdə ortaq elmi-tədqiqat proqramlarının hazırlanması, kadr hazırlığı sahəsində əməkdaşlıq, elmi nəşrlərin birgə hazırlanması və beynəlxalq qrant layihələrində iştirak imkanları müzakirə edilib. Görüş zamanı əldə olunan razılaşmaların yaxın zamanda konkret fəaliyyət planına çevrilməsi barədə qərar qəbul edilib.
Onlayn görüşün sonunda tərəflər əməkdaşlığın davamlı xarakter alacağına və qarşılıqlı faydalı nəticələr verəcəyinə əminliklərini ifadə ediblər.


