SAMUX RAYONUNDA KƏND TƏSƏRRÜFATI ƏKİNLƏRİNDƏ FİTOSANİTAR MONİTORİNQ APARILIB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Fermerlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, bu gün Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun bir qrup mütəxəssisləri Samux rayonunun Kəsəmən, Poylu, Qarabağlar və Salahlı kəndlərində olmuşdur. Kənd təsərrüfatı bitkilərinin becərildiyi sahələrdə, xüsusilə meyvə plantasiyalarında marşrut müayinələri aparılmış və əkinlərdəki fitosanitar vəziyyət yerində qiymətləndirilmişdir.

Marşrut üsulu ilə aparılan müayinələr zamanı kənd təsərrüfatı bitkilərində müxtəlif patogen və zərərverici orqanizmlərin yayılması qeydə alınmışdır. Belə ki, alma və armud bağlarında alma meyvəyeyəni, çürümələr və dəmgil, nar bağlarında nar meyvəyeyəni və dəmgil, qoz ağaclarında antraknoz və fır gənəsi, şərq xurmasında halqavari yarpaq ləkəliliyi, pasabənzər-qəhvəyi yarpaq ləkəliliyi və alternarioz, ərik ağaclarında isə deşikli ləkəlik (klasterosporioz) müşahidə edilmişdir.

Bundan əlavə, tərəvəz və digər sahə bitkiləri üzrə də bir sıra xəstəlik və zərərvericilər aşkarlanmışdır. Belə ki, soğan əkinlərində yalançı unlu şeh (peronosporoz), bibər sahələrində az miqdarda antraknoz və fitoftoroz, üzümlük sahələrdə isə oidium xəstəliyinin yayılması müəyyən olunmuşdur.
Sahələrdə aparılan müşahidələr çərçivəsində yerli fermerlərlə görüşlər keçirilmiş, müşahidə olunan zərərli orqanizmlərlə mübarizə istiqamətində geniş izahatlar verilmiş və praktik tövsiyələr təqdim edilmişdir. Fermerlərə zərərvericilərə qarşı vaxtında və düzgün mübarizə tədbirlərinin aparılması, aqrotexniki qaydalara ciddi riayət olunması və profilaktik yanaşmanın zəruriliyi bir daha vurğulanmışdır.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu kənd təsərrüfatı istehsalçılarının daha yüksək və sağlam məhsul əldə etməsi üçün gələcəkdə də mütəmadi olaraq monitorinqlər həyata keçirməyi və fermerlərə elmi-metodik dəstəyin göstərilməsini davam etdirəcəkdir.

Paylaş: