“YERLİ VƏ İNTRODUKSİYA OLUNMUŞ PAMBIQ SORTLARININ QURAQLIĞA, XƏSTƏLİKLƏRƏ VƏ ŞORANLIĞA DAVAMLILIĞI” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB. » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

15 avqust 2023-cü il tarixində Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat  İnstitutunun  Mil Təcrübə Stansiyasında “Yerli və introduksiya olunmuş pambıq sortlarının quraqlığa, xəstəliklərə və şoranlığa davamlılığı” mövzusunda tarla seminarı keçirilib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlıq  əlaqələrimiz 2017-ci ildən başlayır. Məhz  2017-2021-ci illərdə ”Xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq xətlərinin yaradılması” layihəsi üzrə işlər başa çatmışdır.

2021-ci ildən isə “Azərbaycanda  pambıq istehsalı üzrə torpaq, qida maddələri və su ilə bağlı ağıllı kənd təsərrüfatının genişləndirilməsi” layihəsi üzrə işlər davam etdirilir. Hər iki layihə çərçivəsində İnstituta Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən müvafiq laboratoriya avadanlıqları verilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının  Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, İnstitutun və təcrübə stansiyasının əməkdaşları, DAİM nümayəndələri, pambıqçı fermerlər, eyni zamanda ölkəmizdə pambıq istehsalı ilə məşğul olan “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq ASK” MMC, “P-Agro” MMC kimi iri təşkilatların nümayəndələri də iştirak ediblər.

Seminarda Atom Enerjisi üzrə Beynəlxalq Agntliyin (AEBA) xətti ilə gətirilən 7 sort və yerli sortların əkildiyi sahələrə baxış keçirilmiş, müvafiq sortların xəstəlik və zərərvericilərə, quraqlığa, şoranlığa davamlılıq məsələləri qiymətləndirilmiş, mümkün bioloji məhsul hesablanmışdır. Pakistandan gətirilən Super Cotton sortu demək olar ki, bütün bioloji, məhsuldarlıq və texniki göstəricilərinə görə digər sortlardan üstünlüyü ilə fərqlənir. Məhsuldarlığın bu sort üzrə 85-90 s/ha olması gözlənilir. Qeyd etmək lazımdır ki, institutun xətti ilə bu sortun toxumları becərilmə üçün bir sıra fermerlərə və pambıqçılıq ilə məşğul olan MMC-lərə də paylanılmışdır. Seminar iştirakçıları Super Cotton sortuna dərin maraq göstərmiş və gələn il əkinləri üçün toxum sifarişləri vermişlər.

Sonda bir daha qeyd etmək istərdik ki, Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığı davam edir.

Paylaş: